Azərbaycan Silahlı Qüvvələri — Təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir.
2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard ABŞ dolları, 2011-ci ildə 3,413 milyard ABŞ dolları, 2012-ci ildə 3,474 milyard ABŞ dolları, 2013-ci ildə 3,7 milyard ABŞ dolları, 2015-ci ildə 4,2 milyard ABŞ dolları təşkil edir.
1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.
1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını həyata keçirdi. Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndini ələ keçirmək məqsədilə həyata keçirilən Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi. Yayda 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-uAzərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin, 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir. 1997-ci ilin yanvarında Azərbaycan sülhməramlı qüvvələri yaradılmışdı.
Azərbaycan ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci ildə baş tutub. Həmin ilin fevral ayında İsrailin Israeli Aerospace Industries (İAİ) adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə bağlayıb. İsrail hərbi mütəxəssislərinin böyük dəstəsi azərbaycanlı həmkarlarına yeni silah sistemləri ilə işləməyi öyrətmək üçün Bakıya göndərilib. Yeni müqaviləyə əsasən İsraildən düşmən hədəflərinə dəqiq raket zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri “Heron”ların alınması, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən HHM sistemlərinin alınmasından söhbət gedir. Bu HHM sistemləri Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiə etməyə qadirdir.
2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 mlrd. ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb.
1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir.
Azərbaycan sülhməramlı qüvvələri 1999-2008-ci illərdə Kosovoda beynəlxalq əməliyyatlarda iştirak etmişdir. 4 mart 2008-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi 1999-cu ilin sentyabrından Kosovada yerləşən Azərbaycan sülhməramlı qüvvələrinin geri çağrılması barədə qərar qəbul edib. Buna səbəb Kosovada sülhməramlı əməliyyat keçirilməsi üçün mandat verən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması və Kosovonun müstəqil dövlət elan edilməsidir.
Azərbaycan sülhməramlı qüvvələri Əfqanıstanda beynəlxalq əməliyyatlarda iştirak edirlər.
Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas prinsipləri «Daxili Qoşunların statusu haqqında Azərbaycan Respublikasının 1994-cü il tarixli Qanunu ilə müəyyən olunmuşdur. Şəxsiyn, cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi, kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması, kütləvi iğtişaşların qarşısının alınması, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirilməsi üzrə Daxili Qoşunların fəaliyyətinin təşkilini və qoşunların bilavasitə idarə olunmasını təmin edən Azərbaycan Respublikası daxili işlər nazirliyinin vahid sisteminin mühüm struktur hissələrind biridir. Daxili Qoşunlar 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. Dövlət Sərhəd Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni və Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktlarını rəhbər tutur. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə həyata keçirir. Dövlət Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur bölmələr Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında qurur.
Birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir.Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökümət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir. Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.